
Bakı. Trend:
İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq
və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas
Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək
Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin
beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə
gəlib.
Trend xəbər verir ki, aprelin 2-də nümayəndə heyətini qəbul edən
Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi
nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik
inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran prokurorluqları
arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn
tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror ikitərəfli
əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu
bildirib.
Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı
səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya
məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının
obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.
Qolam Abbas Torki qonaqpərvirliyə və qəbula görə təşəkkürünü
bildirərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi,
həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın
azad olunması münasibətilə təbriklərini ifadə edib.
Baş prokurorun müavini ölkəmizdə keçirilən Xəzəryanı dövlətlərin
baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün
Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmin bariz
nümunəsi olduğunu vurğulayıb.
Kamran Əliyev təbriklərə görə təşəkkürünü bildirərək dövlət
başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın diqqət və qayğısı ilə torpaqlarımızın işğaldan azad
edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və
quruculuq işlərinin aparıldığını qeyd edib.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un
ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana
olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya
miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu
xüsusilə vurğulayıb.
Hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd,
gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya,
humanitar və digər məsələlər barədə səmərəli fikir mübadiləsi
aparılıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak
edib.





























