Advertisement

Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerjidir – ŞƏRH

Bakı. Trend:

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli
üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər
zaman öz töhfəsini verib.

Bunu Trend-ə Milli
Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O qeyd edib ki, dövlətimizin 2030-cu ilə qədər sosial-iqtisadi
inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

“Həmin prioritetə uyğun olaraq, ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su
ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi istiqamətində işlər aparılması nəzərdə
tutulub. Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də
yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya
bazarlarına nəql olunmasıdır. Bu sahədə dövlətimiz elektrik
enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji
mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını
hədəfləyib”, – deyə deputat bildirib.

O qeyd edib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda bir neçə
su-elektrik stansiyası inşa edilərək istismara verilib.

“Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret
planların ardıcıllıqla həyata keçirilməsi də diqqət mərkəzindədir.
Azərbaycan ilə bp şirkəti arasında imzalanmış icra müqaviləsinə
müvafiq olaraq, Cəbrayıl rayonunda 240 meqavat gücündə
günəş-elektrik stansiyasının tikilməsi barədə qərar qəbul olunub.
Qarabağ və Şərqi Zəngəzurun 7200 meqavat günəş, 2000 meqavat külək
enerjisi potensialı var. Azərbaycanın daxili su ehtiyatlarının
təqribi 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri məhz bu
iqtisadi zonanın payına düşür.

Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və
Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq
ərazilərində daha çoxdur. Hər iki bölgənin kiçik çayları böyük
hidroenerji potensialına malikdir. Çağdaş dövrümüzdə günəş enerjisi
bərpaolunan enerjinin ən perspektivli və böyük potensiala malik
olan növü hesab olunur. Günəş enerjisindən elektrik enerjisi əldə
etmək üçün günəş panellərindən, istilik və isti su təminatı üçün
isə günəş kollektorlarından istifadə edilir.

Azərbaycan “yaşıl siyasətlə” bağlı müxtəlif beynəlxalq
tədbirlərdə və yeni layihələrdə fəal iştirak edir. Ölkəmiz
həmçinin, bu istiqamətdə ixracını artırmaq üçün mükəmməl hədəflər
müəyyənləşdirib. Günəş və külək enerji istehsalını artırmaq üçün bu
sahəyə böyük məbləğdə investisiyalar cəlb olunur, yaşıl zona üçün
lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Dünyadakı enerji
mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf
mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, inkişaf etmiş
ölkələrdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən
geniş istifadə olunması qarşıya qoyulan əsas məqsədir. COP29 kimi
mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycanın bu sahədəki fəaliyyətinə böyük
hörmət və etimadın bariz nümunəsidir. Ölkəmiz milli, regional və
qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə bundan sonrada öz töhfəsini
əsirgəməyəcəkdir”, – deyə M.Cəfərov əlavə edib.