Advertisement

İqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiya təşkil ediləcək – Kamran Əliyev

Bakı. Trend:

Baş Prokurorluq tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə
orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiya təşkil
ediləcək.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda
Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşündə
çıxışı zamanı deyib.

K. Əliyev bildirib ki, Prezidentin 25 dekabr 2023-cü il tarixli
Sərəncamı ilə, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilib. Azərbaycanın 2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz
ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin
prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və
dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi
istiqamətində işlər aparılır.

“Ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin
uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək
ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi
edəcək. Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində
ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq
mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın
təşkili planlaşdırılır”.