
Bakı. Trend:
Türkmənistan Baş prokurorunun müavini Rəhim Atayevin rəhbərlik
etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə
Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının
nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə
işgüzar səfərə gəlib.
Trend xəbər verir ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli
görüşdə qonağı səmimi salamlayan Kamran Əliyev Türkmənistanın
Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək dövlət
başçılarının səyləri nəticəsində dövlətlərarası münasibətlərin
bütün sahələrdə, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin
yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar,
xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında
Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət
başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və
quruculuq işlərinin aparıldığı barədə qonaqları
məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Rəhim Atayev ölkəsinin
prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq
orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın
gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Baş prokurorun müavini Xəzəryanı dövlətlərin baş
prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün uğurlu
keçməsini vurğulayaraq, qarşılıqlı səmərəli fəaliyyətin bundan
sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.
Görüşdə Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Qurbanmammet Elyasov da iştirak edib.





























