Advertisement

ADA Universiteti Qazax Mərkəzində “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi keçirilib

Bakı. Trend:

Qazax Müəllimlər Seminariyası/ ADA Universitetinin Qazax
Mərkəzində “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi
keçirilib.

ADA Universitetinin Qazax Mərkəzi tərəfindən Gəncə-Daşkəsən və
Qazax-Tovuz Regional Təhsil İdarələri ilə birgə 9-cu sinif
şagirdəri arasında keçirilən müsabiqənin məqsədi onların
Azərbaycanın tarixi, coğrafiyası, dili, ədəbiyyatı, musiqisi və
incəsənətinə dair mövcud biliklərini aşkar etmək və
zənginləşdirmək, eləcə də məktəblilərin Azərbaycançılıq və
vətənpərvərlik ruhunda yetişmələrinə dəstək verməkdir.

Üç mərhələdən ibarət müsabiqənin ilk mərhələsi məktəbdaxili
olmaqla, Qazax-Tovuz RTİ və Gəncə-Daşkəsən RTİ-yə aid olan 250-yə
yaxın ümumtəhsil məktəbinin iştirakı ilə baş tutub. İkinci
mərhələyə uğurla keçən 371 şagird hər iki regional təhsil idarəsinə
aid olan rayon mərkəzlərində müsabiqədə iştirak ediblər. Yüksək
nəticə göstərən 24 şagird təhsil aldıqları məktəbləri təmsil edən
beş nəfərlik komanda ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39
saylı məktəbdə və ADA Universitetinin Qazax Mərkəzində keçirilən
yarımfinala qatılıb. Yüksək nəticə göstərən altı komanda final
mərhələsinə vəsiqə qazanıb.

İntellektual-interaktiv oyun formatında keçirilən final
mərhələsində isə şagirdlərə Azərbaycanın tarixini, dilini,
ədəbiyyatını, coğrafiyasını və mədəniyyətini əhatə edən 20 sual
təqdim olunub.

Ən yüksək nəticə göstərmiş komandalar, Tovuz rayon Əlimərdanlı
kənd M. Musayev adına tam orta məktəbin komandası 1-ci yeri, Qazax
şəhər M. Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb
liseyin komandası 2- ci yeri, Gəncə şəhər C.Cabbarlı adına 6 saylı
tam orta məktəbin komandası 3- cü yeri qazandılar. Qaliblər
hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, sözügedən müsabiqə şagirdlərin azərbaycançılıq
ideyaları və onun məzmunu barədə biliklərini artırıb və onları
komanda şəklində çalışmağa və birgə işə ruhlandırıb.