
Bakı. Trend:
Azərbaycanda COP29-da “yaşıl” enerji üzrə mümkün sazişlər daha
geniş bazarlara çıxış imkanı yarada bilər.
Bu barədə Trend-ə Rumıniyanın “SMARTLINK COMMUNICATIONS”
konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, konsultant və
tədqiqatçı Radu Maqdin deyib.
Onun fikrincə, bu il Azərbaycanda COP29 çərçivəsində çoxlu
imkanlar olacaq, belə ki, ölkə regionda və onun hüdudlarından
kənarda iqlim hədəflərinə nail olmaq üçün digər dövlətlərlə birgə
çalışmaqla əməkdaşlığa imkan yaradacaq və unikal məsələlərin
həllinə yardım edəcək.
“İlk növbədə Azərbaycanın enerji mərkəzi olaraq strateji
yerləşməsi xarici maraqlı tərəflərə qazıntı yanacağından bərpa
olunan enerji mənbələrinə keçidlə əlaqədar müzakirələrdə iştirak
etmək imkanı verir. COP29 zamanı gözlənilən “yaşıl” enerji üzrə
sazişlər iqtisadi imkanları təmin edə və daha geniş bazarlara çıxış
imkanı verə bilər”, – R.Maqdin deyib.
Bundan başqa, ekspertin sözlərinə görə, maraqlı tərəflər COP29
tədbirindən yararlanaraq, iqlim tədbirlərinə və dayanıqlı inkişafa
sadiqliklərini nümayiş etdirə bilərlər.
“COP29-un Azərbaycanda keçirilməsi xüsusən ölkənin Avropa
İttifaqı (Aİ) üçün alternativ qaz tədarükçüsü rolunu nəzərə aldıqda
Avropa cəmiyyəti ilə daha sıx əməkdaşlığına imkan yaradacaq.
Beləliklə, Azərbaycanın iqlim tədbirlərinin müzakirəsində iştirakı
Avropa ilə iqtisadi əlaqələrini daha da yaxşılaşdıra bilər”, – deyə
o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























