Advertisement

“Yaşıl layihələr” SİF üçün prioritet istiqamətlərdən biridir – Sədr (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

“Yaşıl layihələr” Sahibkarlığın İnkişafı Fondu (SİF) üçün
prioritet istiqamətlərdən biridir.

Bu barədə Trend-ə özəl müsahibəsində İqtisadiyyat Nazirliyi
yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman
Xaliyev deyib.

“”Yaşıl” layihələr cari ilin prioritet istiqamətlərinə daxil
edilib. Sahibkarlar “yaşıl” layihələrin maliyyələşdirilməsi üçün
Fondun güzəştli kredit mexanizminə müraciət edərək, illik 5%
dərəcəsi ilə kreditdən yararlana bilərlər. İndiyədək 3 “yaşıl”
layihə bu mexanizmdən yararlanıb. Bu layihələrdən biri quşçuluq
təsərrüfatında enerji tələbatını günəş panelləri vasitəsilə təmin
etməyi hədəfləyir.

Digər layihə isə e-infrastrukturun inkişafı istiqamətində
elektrik doldurma stansiyalarının quraşdırılmasını həyata
keçirəcək. Başqa bir layihə isə dairəvi iqtisadiyyatı dəstəkləyən
təkrar emal yolu ilə tikinti materiallarının istehsalını
reallaşdıracaq”, – o deyib.

Osman Xaliyev bildirib ki, bu cür layihələr iqtisadiyyatın
müxtəlif sahələrində həyata keçirilə bilər və SİF-in
müəyyənləşdirilmiş prioritetlər üzrə sahibkarların bütün
təşəbbüslərini, o cümlədən, “yaşıl” layihələrini güzəştli şərtlərlə
maliyyələşdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, SİF özünün ESG modelini işləyib
hazırlayıb.

“Fond tərəfindən bu istiqamətdə beynəlxalq standartlara uyğun
olaraq ESG modeli hazırlanıb. Bununla da maliyyələşdirilmiş
sahibkarlıq subyektlərinin ətraf mühit, sosial sahə və korporativ
idarəetmə aspektləri üzrə təsirləri, həmçinin, potensial risklərini
ESG modeli vasitəsilə müəyyənləşdirə bilirik. Fond bu modeli tətbiq
etməklə gələcəkdə müəyyən edilmiş risklərin qarşısının alınmasını
və ya minimuma endirilməsini hədəfləyir”, – deyə O.Xaliyev qeyd
edib.

Sədr Fondun, həmçinin, yeni iş yerlərinin yaradılması, qadın və
gənc sahibkarların güzəştli maliyyə vəsaitləri ilə təmin edilməsi
kimi mühüm məsələləri həll etdiyini qeyd edib.

“2023-cü il ərzində SİF tərəfindən maliyyələşdirilən layihələrin
icrası nəticəsində 3154 yeni iş yerinin yaradılması nəzərdə
tutulub. Həmin il SİF tərəfindən güzəştli kredit verilən
layihələrin 398-i isə qadın və gənc sahibkarlara məxsusdur”, – deyə
O.Xaliyev əlavə edib.

Fondun sədri bildirib ki, bu ilin birinci rübündə 1065 layihəyə
müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat
güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektləri yararlanıb.

Osman Xaliyevin sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondunun
(SİF) əsas missiyası ölkədə sahibkarlıq subyektlərinə maliyyə
dəstəyinin göstərilməsini təmin etmək, dövlət və sahibkarlar
arasında əməkdaşlığın inkişafı, eləcə də, qarşılıqlı inam mühitinin
yaradılmasına dəstək olmaqdır.

“Hazırda Fond ölkədə fəaliyyət göstərən 21 bank, 9 bank olmayan
kredit təşkilatı və 10 kredit ittifaqı ilə sahibkarlıq
subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması
üçün əməkdaşlıq edir. Təkcə bu ilin ilk 3 ayı ərzində 1065 layihəyə
müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat
güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektləri yararlanıb”, – o deyib.

O.Xaliyev sahibkarlığın dəstəklənməsinə xidmət edən maliyyə
mexanizmlərinin icrasında Fond və özəl sektor arasında əməkdaşlığın
əhəmiyyətini vurğulayıb. Sədr bildirib ki, Fondun güzəştli kredit,
zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmləri
müvəkkil kredit təşkilatları vasitəsilə icra olunur.

“Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə
müəyyənləşdirilmiş prioritet istiqamətlərdə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr
əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə Fond
tərəfindən təhlil olunur.

Fond tərəfindən vəsaitin ayrılmasına qərar verilən zaman
layihənin ölkə iqtisadiyyatına verəcəyi töhfə, o cümlədən, iqtisadi
artıma təsiri nəzərə alınır. SİF olaraq kredit təşkilatlarından
əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları ilə əməkdaşlıq
edir, həmin təşkilatların üzvləri ilə mütəmadi görüşlər keçiririk”,
– deyə O.Xaliyev əlavə edib.

İşğaldan azad edilmiş ərazilərdəki fəaliyyətdən danışan Fond
sədri güzəştli kreditlər üzrə müəyyənləşdirilmiş prioritet
istiqamətlərdə işğaldan azad edilmiş ərazilərə xüsusi yanaşmanın
olduğunu qeyd edib.

“Fond 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə
fəaliyyət göstərən sahibkarlıq subyektlərini güzəştli kreditlərlə
dəstəkl əyir. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən 7
layihəyə ümumilikdə 14 milyon manatdan çox güzəştli kredit
verilib.

Vurğulamaq istəyirəm ki, güzəştli kreditlər üzrə
müəyyənləşdirilmiş prioritet istiqamətlərdə işğaldan azad edilmiş
ərazilərə xüsusi yanaşma var. Belə ki, bu ərazilərdə xidmət
sahəsində fəaliyyət göstərən sahibkarlar da güzəştli kreditlərdən
yararlana bilərlər”, – o deyib.

O.Xaliyev bildirib ki, bu ilin fevral ayından etibarən Fond
həmin ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya
qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə sahibkarlar üçün
zəmanət və subsidiya mexanizminin tətbiqinə başlayıb.

“Bu mexanizm çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank
olmayan kredit təşkilatlarından əldə etdikləri məbləği 5 milyon
manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan
biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir”, –
o deyib.

Fond sədri sahibkarların, həmçinin, bu kreditlər üzrə
subsidiyadan yararlana biləcəyini qeyd edib. Həmin kreditlərin
illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət
tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək
dövrü əhatə etməklə, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

“Bu mexanizmə işğaldan azad edilmiş ərazilərdə qeyri-neft
sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə
fəaliyyət göstərən sahibkarlar müraciət edə bilərlər. Mexanizmə
müraciətlərin qəbulu üçün “Elektron kredit və zəmanət” informasiya
sistemi yaradılıb. Beləliklə, sahibkarlar müvəkkil kredit
təşkilatlarına və ya Fonda yaxınlaşmadan, elektron qaydada
müraciətlərini ünvanlaya bilərlər”, – deyə o əlavə edib.

O.Xaliyev vurğulayıb ki, SİF-in strateji hədəfləri arasında
güzəştli maliyyə mexanizmlərinin sahibkarlar üçün əlçatan olması
yer tutur.

O qeyd edib ki, elektronlaşmanın sahibkarlar üçün ən böyük
faydalarından biri maliyyə resurslarına əlçatanlığın
artmasıdır.

“Güzəştli maliyyə mexanizmlərinin sahibkarlar üçün əlçatan
olması isə Fondun fəaliyyət strategiyasında əsas hədəflərdəndir.
Belə ki, zəmanət və subsidiya mexanizmində olduğu kimi, güzəştli
kredit mexanizmindən yararlanmaq üçün də sahibkarların müvəkkil
kredit təşkilatlarının filiallarına üz tutmadan “Elektron kredit və
zəmanət” informasiya sistemi vasitəsilə müraciət edə bilməsi
istiqamətində çalışırıq. Hazırda bununla əlaqədar işlər yekunlaşmaq
üzrədir.

Elektron platformanın üstünlükləri yalnız onlayn müraciət imkanı
ilə məhdudlaşmır. Burada sahibkar öz müraciətinin statusunu daimi
izləmək imkanı əldə edir. Bundan əlavə, informasiya sistemi
Elektron Hökümət portalı ilə inteqrasiya olunduğu üçün
sahibkarların kredit müraciətləri üzrə digər dövlət qurumlarından
təqdim etməli olduğu sənədləri vahid bazadan əldə edə bilirik.

Bu da sahibkarın təqdim etməli olduğu sənədlərin sayının
azalması deməkdir. Düşünürəm ki, elektron informasiya sisteminin
üstünlükləri sahibkarların güzəştli maliyyə resurslarına
əlçatanlığını artırmaqla yanaşı, şəffaflığı təmin etməklə dövlət və
özəl sektor arasında qarşılıqlı inam mühitinin inkişafına öz
töhfəsini verəcək”, – Fond sədri deyib.

Xatırladaq ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu
tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün
193,8 milyon manat güzəştli kredit ayrılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun