Advertisement

Azərbaycanın Qazax rayonunun 4 kəndindən sərhədlərin delimitasiyasına başlanmasının əleyhinə deyilik – Paşinyan

Bakı. Trend:

Ermənistan Azərbaycanın Qazax rayonunun 4 kəndindən sərhədlərin
delimitasiyası prosesinə başlanmasının əleyhinə deyil.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Biz Tavuş əyalətindən və Azərbaycanın Qazax rayonunun 4
kəndindən delimitasiya prosesinin başlanmasının əleyhinə deyilik”,
– o qeyd edib.

Qeyd edək ki, Ermənistan Milli Assambleyası (parlamenti)
müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə aprelin 9-da
Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini
müzakirə edib. Bu məsələnin müzakirəsi bağlı qapılar arxasında
aparılıb. Ermənistanın keçmiş müdafiə naziri, parlamentin
“Hayastan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və
Ermənistan parlamentinin daha 9 deputatı iclasa buraxılmayıb.

Xatırladaq ki, martın 7-də Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası
Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin
razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin
görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini
müzakirə ediblər.