Advertisement

Azərbaycanın mövqeyini dəstəkləyirik – Yaşar Gülər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri başda Şimali Kipr və Azərbaycan
olmaqla, qardaş, dost və müttəfiq ölkələrin haqlı mövqeyini
dəstəkləyir, qlobal və regional təhlükəsizliyə, sülhə və sabitliyə
töhfə verir.

Trend xəbər verir ki, bu fikri Türkiyənin milli müdafiə naziri
Yaşar Gülər Şanlıurfa vilayətinə səfəri zamanı səsləndirib.

Türkiyənin münaqişə və ziddiyyətlərlə dolu bir regionun tam
mərkəzində yerləşdiyini xatırladan Gülər, hər növ risk və
təhdidlərə qarşı hazır olmanın əhəmiyyətindən bəhs edib. O,
Prezident Rəcəb Tayyip Ərdoğanın böhran və ixtilafların həllinə
töhfəsinə diqqət çəkib.

Onun sözlərinə görə, Prezident Ərdoğanın liderliyindəki müasir
Türkiyə sülh istiqamətində ciddi addımlar atmağa davam edir.

“Qarabağ, Liviya, Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq və bir
çox digər bölgədə problemlərin həllinə çalışdıq, bu istiqamətdə
dəyərli təşəbbüslərlə çıxış etdik və etməyə davam edirik”, – deyə
Gülər vurğulayıb.

Türkiyənin qlobal aktyora çevrildiyini, beynəlxalq danışıqlar
masasında və ümümilikdə qlobal təhlükəsizlik arxitekturasının aktiv
iştirakçısı kimi sülh və təhlükəsizliyə maksimum dəstək verdiyini
qeyd edən milli müdafiə naziri, Türkiyə ordusunun son illərdə
həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarına da diqqət çəkib.
Nazir, “PKK terrorçularına çox ciddi zərbələr endirilib. Bu qanlı
təşkilatın fəaliyyət qabiliyyəti tükənməkdədir”,- deyə
vurğulayıb.