Advertisement

Neft hasilatı stabilləşib? – Trend.Az

Bakı. Trend:

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə
alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft
sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına
mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 6 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.

O qeyd edib ki, neft sektorunda istehsalın stabilləşməsi ilə
bağlı səylərə rəğmən hasilatda azalma davam edib.

“Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı
artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı daha çox ixrac
deməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına
düşür. Yəni sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata
yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən
kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha
dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı
qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı
olacaq.

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə
yanaşı, “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu
sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır.
Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə
qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”, –
deyə V.Bayramov bildirib.