
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika
ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların
keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin
tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri
davam etdirir.
Agentlikdən Trend-ə verilən
məlumata görə, ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid
olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri
çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv
ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında
insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya aşkarlanıb.
Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində
götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma
məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası
aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq
məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət
şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı
tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün
sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş
dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı
müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin
rəhbərlərinə xəbərdarlıq edilib.





























