
Bakı. Trend:
Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu.
Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni
yaşlı qadınlara nisbətən çoxdur. Trend xəbər verir ki, bu barədə
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim
kardioloqu Leyla Quliyeva deyib.
Trend L.Quliyeva ilə müsahibəni təqdim edir:
– Leyla xanım, bilmək istərdik ki, ürək-damar
xəstəliklərinin (ÜDX) baş vermə səbəbləri hansılardır və risk
qrupuna kimlər aiddirlər?
– Qeyd edim ki, əgər yaxın qohumlarınızdan hər hansı biri (ata,
ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar
şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər
diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir,
75-80% digər risk faktorlarının payına düşür.
Digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə,
şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial
hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəb
deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona
görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin
dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli
olmalısınız.
– Kişilər və qadınlar arasında ürək-damar
xəstəliklərinin rast gəlinmə tezliyi necə dəyişir?
– Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi
bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial
hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar
arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş
kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından
sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji
“check-up” müayinəsindən keçməsi məsləhətdir.
– Ürəyimizi qoruyan qida məhsulları haqqında məlumat
verərdiniz…
– Gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş
pozğunluqlarında əvəzolunmaz qidadır. Eyni zamanda, çia toxumları
mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da
ürək-damar xəstəlikləri riskini azaldır.
Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini
gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu
ürək-damar xəstəliklərinin qarşısını alır.
Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin
düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundan
əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı
lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır.
Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar
tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox
qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar
tutulmalarının qarşısını alır.
– Fiziki aktivlik ürək-damar xəstəlikləri olan insanlar
üçün nə dərəcədə faydalıdır?
– Hərəkətsizliyin nəticələri – insulin dirənci, şəkər xəstəliyi
ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarına aiddir.
Hətta oturaq həyat tərzi də gündə 1 qutu siqaret çəkməyə bərabər
ola bilər.
Aktiv həyat tərzi qan dövranını yaxşılaşdırır, toxumaları qan və
oksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin,
kaloriləri yandırır, yağları əridir, metobalizmi sürətləndirir,
sağlam qidalanma ilə birgə olarsa arıqladır.
Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmaya
başlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkət
qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşı
qoruyur. Eyni zamanda, insulinə həssaslığı artırır, insulin
dirəncini qırır, pis xolesterin (LDL) və triqliseridləri azaldır,
yaxşı xolesterin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlik
hormonlarını artıraraq stressi azaldır, təzyiqin stabil qalmasına
kömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanı
ləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandan
almaq mümkün deyil.
Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir.
Hər insan özünə uyğun idman növünə gündəlik 30 dəqiqə ayırmalıdır.
Demək olar ki, bütün müasir smartfonlarda və “ağıllı” saatlarda
addım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damar
xəstəliklərinin, şəkər, arterial hipertenziya riskini azaldır.





























