
Bakı. Trend:
Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni adalar da
yaradılacaq.
Trend-in
məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
Aparat rəhbəri Rəşad İsmayılov Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun
layihəsinin müzakirəsi zamanı bildirib ki, qanun layihəsi süni
adaların yaradılması ilə bağlı fəaliyyəti tam əhatə edəcək.
Onun sözlərinə görə, süni adada işlər Şəhərsalma və Tikinti
Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, qanun layihəsində Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq
sahələrinin yaradılma formaları müəyyən olunub.
Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu
torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu
torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər
süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.
Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud
səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla
yaradılan torpaq sahəsi başa düşülür.





























