
Bakı. Trend:
Hər il aprelin 16-sı Beynəlxalq Səs Günü kimi qeyd olunur.
1990-cı illərin sonlarında yaranan Ümumdünya Səs Gününün
məqsədlərindən biri də insanlara səslərinə diqqət yetirməyi və
səsin qismən və ya tam itirilməsi hallarında dərhal mütəxəssislərə
müraciət etməyi xatırlatmaqdır.
Bu gün Mərkəzi Gömrük Hospitalında insanın səsinin sağlamlığının
qorunması, insan səsi fenomeni və onun insanların həyatındakı rolu
ilə bağlı maarifləndirici aksiya keçirilib. Maarifləndirmə
aksiyasında Mərkəzi Gömrük Hospitalının lor həkimi, t.ü.f.d. Elvin
Əzizov, terapevtlər – Dr.Nazilə Xəlilbəyova, Dr.Xumar Novruzova və
nevroloq Dr.Mənsumə Talıbova iştirak ediblər. Həkimlərimiz bu gün
müayinəyə gələn pasiyentlərə səsin qorunması ilə bağlı qısa
məlumatlar veriblər.
Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d.
Dr.Elvin Əzizov bildirib ki, səsi qorumaq və səs aparatı
xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə sağlam həyat
tərzinin sadə qaydalarına riayət etmək – yayda buz kimi soyuq
içkilər içməmək, soyuq mövsümdə isə çox üşüməmək, qış mövsümündə
qazlı içkilər içməmək, çox ədviyyatlı yeməklər yeməmək lazımdır.
Səs problemlərinin yaranmasının əsas səbəblərinə siqaret,
soyuqdəymə və stresli vəziyyətlər də aiddir.
Qeyd edək ki, Beynəlxalq Səs Gününün qeyd edilməsində məqsəd
tibb mütəxəssislərinin, eləcə də Yer kürəsinin bütün insanlarının
diqqətini insan səsi fenomeninə, ünsiyyət qurmağa, öz emosiya və
hisslərini ifadə etməyə cəlb etməkdir. Səs sağlam və təsirli
ünsiyyətin vacib aspektidir, onun köməyi ilə biz bir-birimizə
məlumat çatdırırıq və emosiyaları ifadə edirik. Bəzən səsimizin
qayğısına qalmaq lazım olduğunu düşünmürük.
Hər zaman səsinizi qoruyun!





























