
Bakı. Trend:
Nazirlər Kabineti “Neftçala rayonunun inzibati ərazisində dövlət
və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan
enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar
verib.
Trend-in xəbərinə əsasən,
qərara əsasə, Neftçala rayonunun inzibati ərazisində Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin istifadəsində olan sənaye,
nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
kateqoriyasına aid 523,0 hektar torpaq sahəsi Energetika
Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd
Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala
Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar kənd təsərrüfatı
təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973,0 hektar
torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik
stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin
ərazisi kimi müəyyən ediləcək.
Energetika Nazirliyi ilə müəyyən edilmiş bərpa olunan enerji
mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi
ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü
il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa
olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi
istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata
keçirməlidir.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı
məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən
edilmiş 973,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının
tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş
müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinə uyğun olaraq alınacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə
verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə
verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir.





























