Advertisement

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi
məlumatlarına əsasən, Hindistanın Andhra Pradeş ştatında,
Filippinin Leyte adasında, Amerika Birləşmiş Ştatlarının isə Texas
ştatında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Trend-ə Qida
Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ
həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün
Andhra Pradeş ştatında, Leyte adasında və Texas ştatında zonalaşma
prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10
kilometr radiusda olan məsafədəki müəssisələrdən diri quş və
inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı
məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan
alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv
edilməsini təmin edən termik emala məruz qalan mallar istisna
olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli,
kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem
əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı
üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda
yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti
məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə
həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib
respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə
digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq
tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət
edilib.