Advertisement

Əsgəran avtomobil yolunun inşasına başlanıldı (FOTO)

Bakı. Trend:

Əsgəran avtomobil yolunun inşasına başlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini
Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və
uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə
alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun
çıxarılması, yolun genişləndirilərək profilə salınması işləri
həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə
cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini
təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su
keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya
xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası da
aparılır.

Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan
verəcəkdir ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın
şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə
daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və
təhlükəsiz hərəkətlərini davam edələr.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə və
tərtib edilmiş qrafikə uyğun şəkildə, Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata
keçirilir.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş
ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol
infrastrukturu layihələrindən biri sayılır.