Advertisement

AzMİU-nun professoru M.Məmmədovun “İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafının İlham Əliyev strategiyası” adlı monoqrafiyası nəşr olunub

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin
iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət
Məmmədovun “İşğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafının
İlham Əliyev strategiyası” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın elmi redaktoru X.Xəlilov, redaksiya heyətinin
üzvləri isə akademik Z.Səmədzadə, professor E.Hacızadə, iqtisad
elmləri doktoru V.Qasımlı, dosent İ.Məmmədov, iqtisad üzrə fəlsəfə
doktoru Ş.Əlizadə, baş müəllim L.Ələkbərovadır.

Monoqrafiya 13-14 iyun 2023-cü ildə AzMİU-da keçirilən “İşğaldan
azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası:
hədəflər və istiqamətlər” adlı beynəlxalq elmi konfransın
materialları əsasında hazırlanıb. Nəşr ümumilikdə 3 fəsildən
ibarətdir. Belə ki, monoqrafiyada “Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevin post-konflikt dövrdə işğaldan azad
edilmiş ərazilərin inkişaf prioritetləri”, “Qarabağ və Şərqi
Zəngəzur iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiya
prosesləri” və “Ölkənin dinamik və davamlı inkişafı” fəsilləri üzrə
təhlillər aparılıb.

Nəşrdə Böyük Qayıdışın tərkib hissəsi olan modern
infrastrukturun formalaşması və inkişaf strategiyası,
infrastrukturun bərpası və yenidən qurulmasının investisiya
təminatı məsələlələrinə də toxunulur.

İşğaldan azad edilən ərazilərin iqtisadi inkişafında İlham
Əliyev strategiyasını, eyni zamanda Vətən müharibəsindən sonra
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması
istiqamətində görülmüş işlərin miqyasını öyrənmək üçün dəyərli
mənbə olan nəşr ali təhsil müəssisələrinin müəllimləri, tələbələri,
gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.