
Bakı. Trend:
Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin
İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika,
nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın
rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıdakı Müqəddəs
Məryəm Katolik Kilsəsində olub.
Trend xəbər verir ki, Katolik Kilsəsinin Azərbaycandakı
yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin
ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat
verib.
Bildirilib ki, bu kilsənin yerləşdiyi ərazi Roma-katolik
kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Rəsmi açılışı
2008-ci ilin martında keçirilən kilsədə eyni vaxtda 250-300 nəfər
ibadət edə bilir.
Yepiskop 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs
Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitrajın və
Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik
pannonun kilsəyə hədiyyə olunduğu barədə də Yeni Kaledoniya
nümayəndə heyətinə məlumat verib.
Fotoguşə və eksponatlarla ətraflı şəkildə tanışlıq qonaqlarda
xoş təəssürat oyadıb.
Qeyd edək ki, Bakıdakı Müqəddəs Məryəm Kilsəsi 1915-1931-ci
illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı
daşıyır. Kilsə 2006-2007-ci illərdə əsaslı bərpa edilib.





























