
Bakı. Trend:
Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq “Nargis” Fondu
tərəfindən Lənkəran şəhərində iftar çadırları qurulub.
2-4 aprel tarixlərində davam edən iftar süfrələrində Lənkəran və
ətraf qəsəbələrin sakinləri müxtəlif təamlardan dadıblar. Üç gün
ərzində hər gün qonaqlara duru xörək, aş qara, dovğa, təzə meyvə və
tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura,
çərəzlər, kətədən ibarət yüksəkkeyfiyyətli iftar menyusu təqdim
edilib.
Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar
süfrəsinin qonağı olub.
Qeyd edək ki, “Nargis” Fondu tərəfindən “İftar çadırları”
layihəsi 2019-cu ildən etibarən Ramazan ayında keçirilir. Layihə
çərçivəsində insanların rahatlığı üçün xüsusi hazırlanmış beş ədəd
Şərq üslubunda çadırda qonaqlar bir araya gələrək iftar sevincini
birlikdə paylaşırlar.
Builki layihə “R Group Holding”, “Coca-Cola”, “Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı”, “Unibank” və şəxsən Natiq Heydərovun
sponsorluğu, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət
Reklam Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.





























