Advertisement

Tələbəmiz ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində təhsil alacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat
fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyi
ixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya
Universitetində (Columbia University) magistr təhsili almaq hüququ
qazanıb.

Tələbəmizin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York
şəhərinin mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasının
üzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir.
Kolumbiyanın illik ortalama qəbul faizi 4%-dir. Yəni sənəd
göndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.

Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar
yetişdirib. Onların arasında 79-dan çox şəxs Nobel mükafatına layiq
görülüb. Universitetin uğurlu məzunları sırasından ABŞ
prezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniya
prezidenti Tomas Hendrik İlves, ABŞ-ın keçmiş dövlət katibi Madlen
Olbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman,
Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adını
çəkmək olar.

Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb,
mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi
uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox
tələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkil
edir.

Qeyd edək ki, ölkəmizin inşaat və memarlıq istiqamətində profil
universiteti olan AzMİU uğurlu təhsil strategiyası ilə ölkə
hüdudlarından kənarda da tanınır. Universitetin məzunları hər il
ölkəmizlə yanaşı xarici universitetlərin ali təhsil müəssisələrində
də təhsillərini davam etdirir. AzMİU-nun köklü fakültəsi olan
İnşaat fakültəsinin məzunlarının uğurları da mütəmadi təzələnir.
Fakültəni bitirən məzunların bir qismi Azərbaycanda, digər qismi
isə Türkiyə, Avropan və ABŞ-ın nüfuzlu universitetlərində təhsil
alır.