
Bakı. Trend:
Aprelin 17-də Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik
İli” çərçivəsində BSU-nun Tədbirlər Planına uyğun olaraq
“Azərbaycanın yumşaq diplomatiyasında iqlimin qorunmasına dəstək
mexanizmləri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarın moderatoru BSU-nun Diplomatiya və xarici siyasət
kafedrasının müdiri Əsgər Əhməd yumşaq diplomatiya anlayışının
mahiyyətindən söz açaraq onun “Yumşaq güc” nəzəriyyəsi əsasında
yarandığını qeyd edib. Moderator beynəlxalq münasibətlər sistemində
yeni paradiqmaların meydana gəlməsi zəminində müasir dövrdə yumşaq
diplomatiyadan istifadənin zəruriliyini diqqətə çatdırıb.
Elmi seminarda çıxış edən BSU-nun rektoru Anar Nağıyev elmi seminarın
qlobal səviyyədə iqlim dəyişikliyi kontekstində Azərbaycanın
fəaliyyəti, onun regional siyasətə təsiri məsələlərinin
müzakirəsinə həsr olunduğunu bildirib. Rektor ayrılıqda bir fərd
olaraq hər kəsin ölkədə həyata keçirilən yumşaq diplomatiya
siyasətinə öz töhfələrini verməsinin vacibliyini vurğulayıb. Anar
Nağıyev diplomatiyanın qeyri-ənənəvi forması olan yumşaq
diplomatiyaya müxtəlif aspektlərdən yanaşmalardan ibarət maraqlı
diskussiyanın təşkilində iştiraklarına görə məruzəçilərə öz
minnətdarlığını ifadə edib.
Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin
şöbə müdiri Əsmər Yusifzadə Azərbaycanın qlobal iqlim dəyişikliyi
mövzularına daim həssaslıqla yanaşdığını bildirib. Dünyada qlobal
iqlim dəyişikliyi ilə bağlı qəbul edilən beynəlxalq sənədlər barəsində danışan Əsmər
Yusifzadə Azərbaycanın həmin beynəlxalq protokollara qoşularaq
beynəlxalq arenada ekoloji problemlərin həllində fəal iştirak
etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın COP29-la
bağlı qarşıya qoyduğu hədəflərdən, COP29 ilə əlaqədar
Troyka formatı çərçivəsində həyata keçirilən hazırlıq
işlərindən söz açıb.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin müdiri Fərhad Məmmədov
müasir dövrdə qlobal diskussiyalarda iştirakın əhəmiyyətinə
toxunub. Fərhad Məmmədov COP29 vasitəsilə Azərbaycanın qlobal
dialoq məkanına çevirləcəyini qeyd edərək bu sahədə yeni mərhələyə
qədəm qoyacağını bildirib.
Kanada azərbaycanlıları şəbəkəsinin idarə heyətinin üzvü Anar
Cahangirli “Yumşaq
güc” termininin mahiyyəti barədə danışıb. O, nümunələr
vasitəsilə Azərbaycanın dünya siyasətində yumşaq gücün alətlərindən
istifadəni istər dövlət səviyyəsində, istərsə də qeyri-dövlət
səviyyəsində uğurla həyata keçirdiyini nümunələr əsasında diqqətə
çatdırıb. Anar Cahangirli həmçinin Kanada azərbaycanlıları
şəbəkəsinin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Elmi seminar məruzələr ətrafında müzakirələrlə davam edib.





























