Advertisement

AzMİU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın
Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə
görüş keçirilib.

Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak
etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları
müzakirə olunub.

Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova
Azərbaycan – Polşa əlaqələrindən, ölkələrimizin müxtəlif
istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından,
müxtəlif layihələrdə birgə iştirakından bəhs edib. Dünyanın aparıcı
universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində
əməkdaşlığın genişləndirilməsindən danışan rektor, Avropanın ali
məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, o cümlədən
VTU ilə əlaqələrə toxunub, iki universitet arasında əməkdaşlıq
memorandumunun mövcudluğuna diqqət çəkib.

Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri,
maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyaları
haqqında geniş məlumat verən professor Gülçöhrə Məmmədova
əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların mövcud
olduğunu qeyd edib.

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali
təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları
və beynəlxalq əlaqələrindən danışıb, fakültə, ixtisas və tələbə
sayı üzrə statistikanı diqqətə çatdırıb. Universitetin təklif
etdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavr
və magistr təhsili barədə məlumat verən Artur Zbiciak digər
təqdimatında elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaat
mühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıq
sahələri haqqında zəruri informasiyaları nəzərə çatdırıb.

VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirmə
kafedrasının rəhbəri və bir zamanlar AzMİU-nun İnşaat fakültəsinin
tələbəsi olmuş professor Nəbi İbadov isə universitetlər arasında
əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı
fikirlərini bölüşüb.

Görüşdə qərara alınıb ki, ilkin mərhələdə inşaat və memarlıq
istiqamətlərində əlaqələr daha da genişləndirilsin, qarşılıqlı
səfərlər, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsi həyata
keçirilsin və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının
tətbiq imkanı nəzərdən keçirilsin.

Görüşdən sonra nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaat
fakültəsi, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara
həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye
ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumatlar
verilib.