
Bakı. Trend:
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək.
DİM-dən Trend-ə verilən məlumata görə, aprelin 21-də Bakı
şəhərinin
Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan
MR,
Sumqayıt (II zona), Naftalan,
Abşeron (II zona), Göygöl, Goranboy,
Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala,
Cəlilabad (II zona),
Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş,
Qobustan, Saatlı, Salyan,
Xaçmaz (II zona) və
Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız
və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı
şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri,
Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən
məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi
(9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları
keçiriləcək.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların
daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə
həyata keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana
buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından
aprelin 9-dan etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan
binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış
rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak
edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə
təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan
verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə
imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları,
giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi
Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.





























