
Bakı. Trend:
Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100
faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə
yüz faizlik cavabdeh sahibkardır. Azərbaycanda təəssüf doğuran
məsələ ondan ibarətdir ki, istehlakçıların bu məsələyə yanaşması
bir qədər fərqlidir.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid
sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə
deyib.
O qeyd edib ki, ölkəmizdə hazırda 50 mindən çox ticarət şəbəkəsi
var.
“Amma ticarət şəbəkələrində satılan vaxtı keçmiş ərzaq
məhsullarına görə ittiham qida təhlükəsizliyi orqanının üzərinə
düşür. Dünyada qida təhlükəsizliyinə nəzarət sistemi isə belədir
ki, cavabdeh sahibkardır, ictimai nəzarət istehlakçıdadır. Qida
təhlükəsizliyi orqanı isə tənzimləyicidir. Bu orqan sahibkarla
istehlakçı arasında münasibətləri tənzimləyir.
Hazırda qida təhlükəsizliyi sahəsində bir sıra çatışmazlıqlar
var. Bunun biri ondan ibarətdir ki, hazırda Qida Təhlükəsizliyi
Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir. Qanunvericilikdə
olan maneə bizə imkan vermir ki, plandan kənar yoxlama həyata
keçirək.
Dünyada qida təhlükəsizliyi sahəsində nəzarət sistemi öncədən
xəbər vermədən aparılır. Bizdə isə hazırda qanunvericilik buna
imkan vermədiyi üçün 1 il əvvəldən yoxlanılacaq müəssisələr
haqqında məlumat veririk. Həmin müəssisələrə öncədən xəbərdarlıq
edir ki, konkret müddətdən sonra sizi yoxlamağa gələcəyik.
Sahibkar maksimum çalışır ki, həmin dövrə hazırlığını həyata
keçirsin. Ondan sonra isə hansısa pozuntuları həyata keçirə
bilirsə, yenidən davam etdirsin”, – deyə o əlavə edib.





























