Advertisement

Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir (FOTO)

Bakı. Trend:

Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə
keçmək imkanı təqdim edəcək.

Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera
Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir
araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına
təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi
tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif
sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir.
Azercell-in bu ADA Universitetinin Karyera Xidmətləri şöbəsinin
təşkil etdiyi tərbirdə iştirakı şirkətin istedadları inkişaf
etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək
öhdəliyini əks etdirir.

Azercell-in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlar
telekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanın
rolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznes
etikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar,
şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıra
mövzuları əhatə edəcək.

Yekun qiymətləndirmə və müsahibələr nəticəsində Azercell ADA
Universitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçmək
imkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və
telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

“Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrin
inkişafına töhfə verməkdən məmnunuq”, – deyə Azercell-in İnsan
Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru Dilarə
Hüseynova bildirib. “Biliklərimizi bölüşməklə və təcrübə imkanları
təklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onların
əmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik”.

Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə
keçir. Lider mobil operator tələbələrin telekommunikasiya
sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək
karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.