Advertisement

UNEC-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin
və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı
ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt
inqilabı” adlı beynəlxalq konfransın açılışı olub.

Konfransın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz
Əhmədov iştirakçıları salamlayaraq, konfransın mövzusunun
aktuallığından danışıb. Bildirib ki, konfrans çərçivəsində dünyanın
nüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, rəqəmsallaşma,
süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər
qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər.

F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya,
Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan,
Litva, Monqolustan, Ukrayna, Monteneqro, Ruminiya, Tailand,
Fillippin, Braziliya və Malaziyadan olan alimlərin müxtəlif
sahələri əhatə edən 90-na yaxın elmi məqaləsinin qəbul edildiyini
bildirib.

O, konfransda əldə olunan nəticələrin universitet-sənaye
işbirliyinə, eləcə də, dövlət və özəl sektorun inkişafına mühüm
töhfələr qazandıracağından əminliyini ifadə edərək, konfransın
işinə uğurlar arzulayıb.

Sonra Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti
professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent
Nazim Hacıyev, FAİ-nin vitse-prezidenti professor Nina Poyda Noysk,
akademiyanın baş katibi Prof. Pankaj Srivastava, Türkiyənin Diclə
Universitetinin dekanı Dr. Fethiye Muge Sakar çıxış edərək,
müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər,
konfransla bağlı gözləntilərini səsləndiriblər.

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib. Konfrans
plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə
davam edib.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa
vuracaq.