Advertisement

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin
rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-nin
Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü
sessiyasında iştirak edib.

Trend xəbər verir ki, Dövlət Agentliyinin sədri CEPA-nın “16-cı
və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi
üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat
Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı
sessiyada çıxış edib.

Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə
də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət
Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı
məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada
əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi”
tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin
əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və
sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı
2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq
departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa
toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək
mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin
digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini
bildirib.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi
istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq
layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə BMT İnkişaf Proqramının Regional Bürosunun
direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin
sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə
geniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində Dövlət
Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş
layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə
əməkdaşlığa hazır olduqlarını bildirib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Azərbaycan
Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun dəvəti
əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı
tələbələrlə, həmçinin burada yaşayan gənclərimizlə görüşüb.