
Bakı. Trend:
Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır.
Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyat
açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan
diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti
və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən
məlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta
hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359
əməliyyat icra olunub.
Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması,
böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və s. kimi
patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər.
Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda,
həyatı təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda
və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin
olunur.
Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator
müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi
orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs
müayinəsi, böyrəklərin kömpüter tomoqrafiyası və digər müayinələr
icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Sözügedən tibbi xidmətlə bağlı reanimasiya və stasionarda yatış,
yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf
icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış
müddətində təyin edilmiş laborator və instrumental müayinə
xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr,
qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin
pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin
qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Nefrektomiya əməliyyatından sonra qalmış böyrəyin
funksionallığını qiymətləndirmək üçün pasiyent mütəmadi olaraq
uroloq tərəfindən müayinə olunmalıdır.
Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki
dövlət xəstəxanalarında icra olunur. Məlumat üçün bildirək ki,
icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə
etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb
müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9
elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək
kifayətdir.





























