Advertisement

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq – ƏMR

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında
“İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

Bakı. Trend:

Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27
aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında
“İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı əmr imzalayıb.

Trend xəbər verir ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının
təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən
“İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili
məqsədini daşıyır.

Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında
“İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasından
asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin
rəhbərlərinə tapşırılıb.

Respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə
vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi”
ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi
xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi sənəddə
öz əksini tapıb.

Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb
müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki
köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi
məsələlərin təşkili də nəzərdə tutulub.