Advertisement

Regionun lideri: Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World
Airport Awards 2024” mükafatının iki nominasiyasında qalib gələrək
növbəti dəfə regionun ən yaxşı hava limanlarından biri statusunu
təsdiq edib.

Frankfurtda EXPO sərnişin terminalında baş tutan mükafatlandırma
mərasimində Bakı aeroportu “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava
limanı” adına layiq görülüb. Bundan əlavə, o, ardıcıl üçüncü dəfə
“Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı hava limanı işçiləri”
nominasiyasında qalib olub.

“Bu, işimizin və mükəmməlliyə sadiqliyimizin gözəl tanınmasıdır.
Bizim üçün sadəcə ən yaxşı olmaq deyil, ən yaxşı olaraq qalmaq
vacibdir. “Skytrax” tərəfindən iki nüfuzlu mükafat almağımız düzgün
istiqamətdə getdiyimizi təsdiqləyir. Bakı hava limanı bundan sonra
da beynəlxalq tələblərə və standartlara cavab verən yüksək
keyfiyyətli xidmətlər göstərməyə davam edəcək”, – deyə “Azərbaycan
Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Bakı hava limanı son illərdə “World Airport Awards”da davamlı
uğur qazanıb və həm Mərkəzi Asiya/MDB-də ən yaxşı hava limanı, həm
də regionda ən yaxşı hava limanı personalı xidməti nominasiyasında
ikiqat tanınması aeroportun son illərin çağırışlarından sonra
məmnunluğundan xəbər verir”,- deyə “Skytrax” şirkətinin baş icraçı
direktoru Edvard Pleysted vurğulayıb.

Qeyd edək ki, qlobal hava limanı sənayesi üçün keyfiyyət
standartı hesab edilən “World Airport Awards” mükafatı 2023-cü
ildən 2024-cü ilə qədər 7 ay ərzində 100 ölkədən olan sərnişinlər
arasında keçirilən “World Airport Survey” sorğusuna əsaslanır.