
Bakı. Trend:
Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu,
Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif
sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə
bağlı qanunsuz fəaliyyət aşkar edilib.
Bu barədə Trend DVX-yə
istinadən xəbər verir.
Qeyd edilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata
keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət
nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum
tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə
markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə
spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata
keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla
təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu
təsbit edilib.
Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün
hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar
üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta
aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal
obyektində 6.600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd
“İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd
“Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır
məhsullar, 2.630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200
“Surescents” havatəmizləyici, habelə 31.700-dən çox “Domestos”,
“Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders”
etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.
Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və
standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən,
kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər
vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz
sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən
29.500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1.100
ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1.900 litr araq xammalı,
3.700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara
məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar
edilib.
İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə
kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən
bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud
surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün
ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta
məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində
yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında
reallaşdırılması nəzərdə tutulurdu.
Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən
araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən
sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı
müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.





























