Advertisement

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət
Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

Trend xəbər verir ki,
noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər
hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında
keçirilir.

Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq
abidələrindən olan Campo della Tanada yerləşir və
“Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to
Pink Planet: I Am Here”)
mövzusunda təşkil olunaraq
biennalenin şüarını özündə əks etdirir.

Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası
Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına Fond
tərəfindən göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki,
Heydər Əliyev Fondu həmçinin Venesiya Biennalesində Azərbaycanın
pavilyonlarının ərsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o
cümlədən layihənin kuratoru – müasir incəsənət sahəsi üzrə
tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində
İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə (Luca
Beatrice)
, Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçinin
Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.

Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka
Beatris isə Azərbaycanın müasir memarlığının tarixlə dialoqda
olduğunu, incəsənətimizin isə gələcəyə yönələn münasibətin ən sadiq
güzgüsü olduğunu bildirib. Luka Beatris tədbir iştirakçılarını
qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər
etməyə çağırıb.

Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.

Pavilyonumuzu ziyarət edənlər arasında BMT-nin Cenevrə
bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində
təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem
bin Xalid Al Qassimi də olub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi
çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem
bin Xalid Al Qassimi və digər ölkələrdən olan həmkarları ilə
görüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıqların inkişafı,
birgə mədəni layihələrlə bağlı fikir mübadilələri aparılıb.

Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur
platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak
edir. 60-cı Venesiya Biennalesindəki Azərbaycan pavilyonunda
əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə
Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik
mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı
diqqətə çatdırılır.