Advertisement

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında
dərc olunmuş əsassız məlumatlarla bağlı açıqlama yayıb.

Trend açıqlamanı təqdim edir:

“Ermənistanın və bir sıra digər xarici ölkələrin media
resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi
məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan,
habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.

Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar
nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti
daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının
tərkib hissəsi olduğu müəyyənləşdirilib.

Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət
təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin
tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa
hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi
bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş
dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı
prinsipiallıq nümayiş etdirməyə çağırırıq”.