
Bakı. Trend:
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin
yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis
bölməsində keçirilən tədbirdə iştirak edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir
Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində
hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da
yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam
etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu
qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.
Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki
yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti
fəaliyyətini müsbət qiymətləndirən nazir şəxsi heyəti təbrik edib,
onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Komendant və qoşun
xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif
olunub.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən
hərbi obyektə baxış keçirib.
Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş
hərbi obyektdə xidmətin təşkili və hərbi qulluqçuların asudə
vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait mövcuddur.
Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra
general-polkovnik Z.Həsənov hərbi avtomobillərə baxış keçirib,
nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə
saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına
xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş
ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair
göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə
əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin
ərazisində ağaclar əkilib.





























