
Bakı. Trend:
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik
zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev,
Ülvü Hüseynov və İlham Şəmşiyevin xatirəsinə həsr olunan anım
mərasimləri keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərimizin
məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları
ilə maraqlanıblar.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin
nümayəndələri, şəhidlərimizin ailə üzvləri, yaxınları və döyüş
yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid
oğullarımızın Vətən müharibəsi, eləcə də digər uğurlu döyüş
əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən
danışıblar.
Qeyd olunub ki, torpaqlarımızın düşməndən azad edilməsi,
ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhidlik
zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirələri xalqımızın
qəlbində daim yaşayacaqdır.
Sonra şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən
videoçarxlar nümayiş olunub.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar
səsləndirilib.





























