Advertisement

AMEA-nın prezidenti Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci
müavini akademik Akmal Saidov, Özbəkistanın Azərbaycandakı səfiri
Baxrom Aşrafxanov və Özbəkistan Kinematoqrafiya Agentliyinin baş
direktoru Firdavs Abdulxalikovla görüşüb.

Bu barədə Trend-ə AMEA-dan bildirilib. Görüşdən öncə qonaqlar
AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, tarixi barədə
məlumat alıblar.

Qonaqlarla görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi
soy-kökə, dilə, mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan
əlaqələrinin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin sıx dostluq və qardaşlıq
münasibətləri sayəsində yeni mərhələyə qədəm qoyduğunu söyləyib.
Qeyd edib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri və
xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində
Azərbaycan-Özbəkistan münasibətləri sürətlə inkişaf edir.

Akademik İsa Həbibbəyli son illərdə ölkələrimiz arasında bütün
sahələrdə olduğu kimi, elm sahəsində də əlaqələrin daim inkişaf
etdiyini, AMEA-nın Özbəkistanın Elmlər Akademiyası və ali təhsil
müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda özbək ədəbiyyatının araşdırılması üçün
Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi, həmçinin
Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi fəaliyyət göstərir,
institutda böyük özbək mütəfəkkirləri Əlişir Nəvainin, Zahirəddin
Məhəmməd Baburun və digər özbək ədəbiyyatının nümayəndələrinin irsi
öyrənilir, kitablar ərsəyə gətirilir, onlara həsr olunmuş
konfranslar keçirilir.

AMEA rəhbəri, eyni zamanda, dilçilik və əlyazmalar sahəsində də
iki ölkənin elmi qurumları arasında geniş əməkdaşlıq əlaqələrinin
mövcud olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi əlaqələrinin
inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və Ədəbiyyat
İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi
Binnətovanın xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin
qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi
istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının öz imkanları
ilə hazır olduğunu deyib.

AMEA-da özbək ədəbiyyatı ilə bağlı aparılan tədqiqatları yüksək
qiymətləndirən akademik Akmal Saidov dahi Azərbaycan şairi və
mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinin Özbəkistanda
da qeyd olunacağını deyib. Qeyd edib ki, Məhəmməd Füzuli Əlişir
Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi
dərəcədə təsirlənmişdi. Akmal Saidov, həmçinin birgə əməkdaşlıq
əlaqələrinin sahəsinin genişləndirilməsinin, xüsusilə epiqrafika
üzrə əməkdaşlıq müqaviləsinin imzalanmasının və
Azərbaycan-Özbəkistan alimlərinin bu istiqamətdə birgə tədqiqatlar
aparmasının önəmini vurğulayıb.

Akademik İsa Həbibbəyli isə öz növbəsində ölkəmizdə epiqrafika
sahəsində zəngin təcrübənin olduğunu deyib, mərhum alim Məşədixanım
Nemətovanın bu istiqamətdə apardığı tədqiqatlardan danışıb və
epiqrafika üzrə birgə əməkdaşlığın elmi əlaqələrimizə növbəti töhfə
olacağını söyləyib.

Qeyd edək ki, görüşdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun baş direktoru akademik Teymur Kərimli, AMEA-nın
Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq
təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri
Ağahüseyn Şükürov da iştirak ediblər.