
Bakı. Trend:
“Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə
əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin
növbəti mərhələsini elan edir. “Doğru yol budur” sosial kampaniyası
yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi
daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında
narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat
tərzinin təbliğatına və idmana olan marağın artırılmasına
yönəlib.
Azercell gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, asudə
vaxtlarının səmərəli təşkil olunmasını təmin etmək məqsədilə onları
cüdoçular sırasına qoşulmağa çağırır. Cüdo Federasiyası məktəbləri
və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən gənclər 1 ay
müddətində ödənişsiz cüdo ilə məşğul olmaq imkanı əldə
edəcəklər.
Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə
qısametrajlı film də çəkilib. Rejissor Emil Quliyevin ərsəyə
gətirdiyi bu filmdə kiçik yaşlardan birlikdə böyüyən iki dostun
hekayəsi canlandırılaraq gənclərin seçdikləri bir-birinə zidd
yolların, verdikləri fərqli qərarların onların həyatlarına təsirini
təsvir edir.
“Doğru yol budur” kampaniyası çərşivəsində şəhərin müxtəlif
nöqtələrində yer alacağı posterlərdə də eyni konsepsiya davam
etdirilib. Belə ki, posterlərdə yer almış real insanların
misallarında narkotikin dağıdıcı fəsadları, eyni zamanda idman və
sağlam həyat tərzinin pozitiv təsiri öz əksini tapıb.
Xatırladaq ki, daha öncə “Azercell Telekom” MMC Azərbaycan Cüdo
Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı layihə çərçivəsində
qızlar arasında idmanın, mübarizliyin və özünə inamın təbliğatına
yönəlmiş “Qızlara ağ yaraşır”, gənclər və yeniyetmələr arasında
qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunan
“Söz verirəm” sosial kampaniyaları həyata keçirilib.





























