
Bakı. Trend:
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə
həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin
2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar
Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və
Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları birgə
tədbir keçirib.
Trend xəbər verir ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər
Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir
dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa
arzulanıb.
Mərasimdə general-mayor Azad Abdullayev, Hərbi Prokurorluğun
Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı, Hərbi
prokurorun böyük köməkçisi – Mətbuat xidmətinin rəhbəri, baş
ədliyyə müşaviri Firad Əliyev, Qubadlı rayon prokuroru, baş ədliyyə
müşaviri Emil Kərimov, Qubadlı hərbi prokuroru, ədliyyə
polkovnik-leytenantı Elşən Mürsəlov və digər şəxslər çıxış ediblər.
Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı
nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin
Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni
müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində
ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli
köklü islahatlardan, bütün sahələrdə qazanılmış müstəsna
uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin
formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da
sağlamlaşdırılmasından və etibarlı qorunmasından, bu uğurların əldə
olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o
cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs
edilib.
Bundan sonra, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin
tələblərindən, hüquq və vəzifələrdən, həmçinin, ekoloji qanun
pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən
danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici
məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar
cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə
maraqlanılıb.
Sonda ağaclar əkilib.





























