
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində
Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə tədbir
keçirilib.
Trend xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor
Sevinc Əliyeva və əməkdaşları, həmçinin 6 nömrəli məktəb-liseyin
direktoru Gülşən Orucova və müəllim-şagird heyəti iştirak edib.
Çıxış edənlər – Gülşən Orucova və Sevinc Əliyeva Azərbaycan
dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi,
Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin
inkişafından bəhs edib, mövcud problemlərin həlli istiqamətində
tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə
çatdırıblar.
Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv
təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə
mükafatlandırılıb.





























