Advertisement

Biznes modelimizin mərkəzində müştəri məmnuniyyəti və çeviklik durur – Emil Duşdurov

Bakı. Trend:

– Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış
edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə
dəyərləndirirsiniz?

– İlk öncə müsahibə üçün təşəkkür edirəm. Ötən ili həm Yelo
Bank, həm də bütövlükdə Azərbaycanın maliyyə sektoru üçün
əhəmiyyətli irəliləyişlər və bəzi nəhəng çağırışlarla yaddaqalan
bir il kimi dəyərləndirirəm. Əgər rəqəmlərə nəzər yetirsək, ötən il
bank sektorunda ümumi kredit portfeli də daxil olmaqla, əhəmiyyətli
inkişafa şahid olduq. Əvvəlki ilin müvafiq dövrünə nəzərən
bankların ümumi kredit portfeli 18% artıb. Ümumiyyətlə, 2023-cü il
Yelo Bank üçün hədəfləri artıqlaması ilə yerinə yetirdiyimiz,
mənfəətimizdə sabit artıma nail olduğumuz və bazar mövqeyimizi
gücləndirdiyimiz bir il oldu.

– Cari ilin birinci rübünü mənfəətlə tamamlamısınız.
Digər maliyyə göstəricilərinizdə vəziyyət necədir və il sonuna
doğru hansı rəqəmlərə çatmağı hədəfləmisiniz?

– Qeyd etdiyiniz kimi, ilk rübü 14 milyon manata yaxın mənfəətlə
başa vurduq. Bu, keçən ilin müvafiq rübündən və proqnozlaşdırılan
rəqəmlərdən daha artıqdır. O ki qaldı, hədəflərimizə, bu ilin
sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi
planlayırıq. Digər əsas maliyyə göstəricilərimizdə də uğurlu
artımlar çoxdur. Ümumi kredit portfelimiz 803 milyon manata çatır,
daha çox real sektoru maliyyələşdirmək hesabına biznes kredit
portfelimiz də yarım milyard manatı keçib. İlin sonuna ümumi kredit
portfelinin 20%-dək artacağını gözləyirik. Kiçik və orta biznesin
kreditləşmə həcminin 15%-dən çox, mikrokredit portfelinin isə
25%-dən çox artmasını gözləyirik. Kredit verilişlərinin keçən illə
müqayisədə 8% artacağını proqnozlaşdırırıq, bunun da 23%-i
mikrokredit portfelinə düşür. Fürsət düşmüşkən bir məsələyə də
aydınlıq gətirmək istəyirəm. Diqqətli izləyicilərimizin,
jurnalistlərin və iqtisadçıların gözündən qaçmış olmaz, depozit
portfelimizdə ilin sonu ilə müqayisədə bir qədər fərq yaranıb. Bu
fərq bizim üçün gözlənilən idi, çünki bir neçə müştərimiz
qısamüddətli məqsədləri üçün əmanət hesabları açmışdı. Maliyyə
sferasında, xüsusən də böyük müştərilərlə işləyən banklarda
müvəqqəti dövrlər üçün yaradılmış əmanətləri idarə etmək adi
haldır. Uzun sözün qısası, bu hal ümumi maliyyə sabitliyimizə,
müştərilərimizə və xidmət keyfiyyətimizə heç bir təsiri olmayacaq.
Eyni zamanda, biz xərcləmələrimizə də nəzarət etməyi planlayaraq
daha adekvat xərc-gəlir əmsalına çatmağı düşünürük.

– Bankın maliyyə ilinə mənfəətlə başlamasına töhfə verən
amillər hansılardır?

– Qısa şərh etsəm, düzgün hazırlanmış strategiya, peşəkar
komanda, müştəriyönümlü yanaşma, texnolji trendlərin tətbiqi
deyərdim. Biznes modelimizin mərkəzində müştəri məmnuniyyəti və
çeviklik durur. Nəticədə hər yeni xidmət və məhsulumuza çoxsaylı
müştəri marağı yaranır. Əlbəttə ki, innovasiyasız bu, mümkün
olmazdı. Bank əməliyyatlarını sadələşdirmək və xidmətləri
təkmilləşdirmək üçün texnoloji həllərə böyük sərmayelər yatırırıq.
Bu texnoloji üstünlüklər xərclərimizin optimallaşdırılmasına və
gəlirliliyimizin artmasına təsirsiz ötüşmür. Güclü risk
dəyərləndirməsi və davamlı monitorinq sistemlərini tətbiq etməklə,
biz xərcləri minimuma endirməyə çalışırıq. Bu kompleks yanaşma ilə
Bankımız son 5 ildə sağlam təməllər üzərində böyüyüb və bazar
payını artırıb.

– Cari ildə həm biznes, həm də pərakəndə bankçılıq üzrə
Yelo Bank-dan hansı yenilikləri gözləyək?

– Bu gün Yelo Bank maliyyə bazarında rəqəmsal həll və
xidmətlərlə müştərilərin rəğbətini qazanmış bank kimi tanınır. Buna
sübut olaraq mobil tətbiqimizin ən müştəriyönümlü və rahat tətbiq
kimi mükafatlar almasını, həmçinin regionlarda fəaliyyətə başlamış
tam rəqəmsal filiallarımızı göstərə bilərik.

Əvvəli strateji dövrümüzdə datanın müasir maliyyə mənzərəsində
oynadığı rolu qabaqcadan dərk etmişdik. Bu səbəbdən datayönümlü
həllərin sağlam təməlini qabaqcadan qoymuşuq. Bu dövrdə
başlatdığımız “Datanın təmizlənməsi” layihəsini artıq sürətlə
yekunlaşdırmağa doğru gedirik. 2024-2026-cı illər üçün olan
strateji planımızda da daha çox datayönümlü və texnoloji
yeniliklərə üstünlük verməyə davam edəcəyik. Ümumiyyətlə data
mərkəzli yanaşma bizə əməliyyatların səmərəliliyini artırmağa,
xidmətlərimizi müştərilərimizin ehtiyaclarına uyğunlaşdırmağa,
bazar tendensiyalarını effektiv proqnozlaşdırmağa imkan verir.

Onu da vurğulayım ki, həm pərakəndə, həm də mikrobiznes
kreditlərinin verilməsi müştərilərin datalarına əsaslanan “Risk
Scoring Model” üzərindən aparılır. Prosesin daha da
təkmilləşdirilməsi, qərarların dəqiqliyinin və müştəri
məmnuniyyətinin artırılması məqsədilə bu model davamlı şəkildə
inkişaf etdirilir.

Ayrıca növbəti 3 illik strateji dövrdə biz Süni İntellekti də
xidmətlərimizə tətbiq edəcəyik. Rəqəmsal transformasiyanın sürətlə
inkişaf etdiyi bazarda ən son yenilikləri tətbiq etmədən rəqabət
aparmaq çox çətin, hətta mən deyərdim ki, mümkünsüzdür. Sİ-in
tətbiqi bu rəqabətdəki ən güclü silahlardan biridir.

Müştərilərin istəklərini, tələblərini anında başa düşmək və
onları məmnun edəcək şəkildə xidmət göstərmək insan resursları ilə
bəzən mümkün olmur. Çünki həm müraciətlər müştəri bazası ilə birgə
dayanmadan artır, həm də artıq istəklər də rəqəmsallaşır. Düşünürəm
ki, bu strateji dövr ərzində Yelo Bank olaraq bazara və müştərilərə
təqdim edəcəyimiz rəqəmsal həllər innovativ bank mövqeyimizi daha
da möhkəmləndirəcək.

-Bank sektorunda rəqəmsal transformasiya davam edir.
Yelo Bank bu dəyişikliklərə necə uyğunlaşır və hansı rəqəmsal
təşəbbüslərə hazırdır?

– Rəqəmsal innovasiyalar strategiyamızın ayrılmaz hissələrindən
biridir. Biz müştərilərimizin dəyərli zamanlarına qənaət etdirəcək
bir neçə rəqəmsal həllər üzərində aktiv işləyirik. Hazırda İnternet
Bankçılıq xidmətimiz yenilənir və əvvəlkindən daha rahat, daha sadə
və daha funksional olmağı hədəfləyir. Bundan əlavə, mobil
tətbiqimizdə onlayn depozit hesabı açmaq mümkün olacaq. Bu xidmət
müştərilərimizə əmanətləri uzaqdan yaratmaq və idarə etmək
rahatlığı təmin edəcək. Üfüqdə görünən digər yeniliyimiz isə
rəqəmsal kart olacaq. Fiziki bank kartlarının bu virtual analoqu
sayəsində müştəri bir klikləmə ilə bank kartına sahib olacaq və
onun vasitəsilə onlayn ödənişləri sürətli həyata keçirə biləcək.
Bütün bu həllərin fonunda müştərilərimizin marağına səbəb olacaq
alternativ maliyyə alətləri üzərində də işləyirik. Adını çəkdiyim
və çəkmədiyim bütün yeniliklərimiz müştərilərimizin bank
təcrübələrini müsbətə dəyişəcək.

– Hazırda ölkəmizin bank sektoru olduqca rəqabətlidir.
Yelo Bank özünü rəqiblərdən necə fərqləndirir?

– Maliyyə sektorunun bu qədər canlı və rəqabətli olması bizi
yalnız sevindirir. Çünki rəqabətli mühitdə bütün banklar daha da
inkişaf etməyin yollarını axtarır, güclü tərəflərini daha da
gücləndirir, yeni məhsullar yaradır və fərqlənmək üçün alternativ
yollar axtarır. Düşünürəm ki, bu çağırışlar bazarı sürətlə irəli
aparır, banklararası rəqabətdən isə müştərilər qazanır.

Yelo Bank olaraq dəyərlərimizdə yer alan “Öncə müştəri” şüarını
əsas götürərək maliyyə dünyasında baş verən yenilikləri
istifadəçilərimiz üçün ən qısa zamanda əlçatan etməyə can atırıq.
Deyə bilərəm ki, sürətli olmağımız, əlçatanlığımız və sadə həll
yolları təklif etməyimiz bizi fərqləndirən əsas
xüsusiyyətlərdir.

– Son olaraq, niyə Yelo Bank? Müştəriniz olmaq üçün 3
səbəb deyin.

– Yaxşı sualdır. Əslində Yelo Bank-ın müştərisi olmaq üçün
səbəblər çoxdur, amma çalışacam obyektiv olum. Şəxsən bank
müştərisi kimi mənim özümün də diqqət etdiyim 3 əsas məqam var ki,
Yelo Bank bunları əsas götürür:

1. Müştəriyönümlülük: Yeni məhsul hazırlamaq üçün fikirlər çoxdur,
lakin bunların hamısı müştəriyönümlüdürmü? Yelo Bankda hər bir
yenilik və xidmət müştərinin ehtiyacları nəzərə alınmaqla
hazırlanır. Bir çox xidmətlərimizin hazırlanma prosesində müştəri
rəylərinə müraciət edir, hətta məhsul hazır olduqdan sonra belə
dəyişikliklər həyata keçiririk.

2. Təhlükəsizlik və güvən: Bizcə, bu məqam, hətta ən vacibidir.
Müştərilərimizə fərdi yanaşma göstərməyi sevirik. Xidmətlərimiz
yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanır. Lakin, hamı
kimi biz də hansısa texniki çətinliklərdən sığortalanmamışıq. Əsas
olan bu zaman müştəri ilə necə davranılmasıdır. Biz fors-major
hallarda çalışırıq ki, müştərilərimizi çətin vəziyyətdə qoymayaq,
ona çevik və hərtərəfli dəstək göstərək. Bu yanaşma sayəsində
müştərilərimizdə loyallıq yarada bilmişik. Təkrar müştəriləmiz
üstünlük təşkil edir, çünki onlar Yelo brendinə güvənirlər.

3. Yeniliklərə çevik uyğunlaşma: Texnoloji trendlər daim dəyişir.
Hətta bəzi yeniliklər bazarda çox qalmadan artıq tarixə qovuşur.
Yelo Bank bu trendləri diqqətlə izləyir, davamlı və müştəriyə
həqiqətən faydalı olanları tətbiq etməyə çalışır. Bu səbəbdən bizim
bazara gətirdiyimiz yeniliklər və ya inteqrasiya etdiyimiz
innovativ həllər davamlı olmaqla yanaşı daim inkişaf edir.