Advertisement

BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub – Səttar Möhbalıyev

Bakı. Trend:

Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və
təhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğu
reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri dövlətimizin
başçısı İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə,
ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul
etdiyi qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti və
xalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir.
Serbiya Prezidenti Aleksandar Vuçiçin “İlham Əliyev Avropada çox
məşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini
mən də bilmək istərdim”, Şimali Makedoniya Prezidenti Stevo
Pendarovskinin “İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir”,
eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun “Bu gün Qərb
liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can
atırlar” kimi fikirləri bir daha Prezidentimizin beynəlxalq
nüfuzundan xəbər verən məqamlardır.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı
istənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlham
Əliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki,
Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə
belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar
bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır.
Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin
22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi
münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə
təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya
miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən
biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin
zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in
üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy
qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və
özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər”, –
AHİK sədri qeyd edib.

Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk
növbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir
yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyev düşür: “Rusiya Prezidenti Vladimir Putin başda
olmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu Öndərimizi yad
etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi
qürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidən
quran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoyub. O, BAM-in
tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq
məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndər
orada əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir,
tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olur. SSRİ-nin rəhbər
vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi,
qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başa
çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişi
ilə bağlı onun Siyasi Bürodakı geniş nitqi, aparılan işi
sürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-in tikintisində
ciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki,
bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü
ildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin
uzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki,
2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmir
edilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ən
ədalətli qərar idi”.