
Xankəndi. Trend:
Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı
qoyulub.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında yeni doğulan
körpənin atası Abbas Abdullayev deyib.
“Biz istəyirik ki, övladımız da cənab Prezident İlham Əliyev
kimi dövlətinə, millətinə bağlı olsun. Şükürlər olsun bu günümüzə.
Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı
dünyaya gəldi. Şükürlər olsun, torpaqlarımız azad olundu. Suveren
Azərbaycan torpaqlarında yaşayırıq.
Allah ordumuzu Ali Baş Komandanımızı qorusun. Bizə bu günü
yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı
versin. Mənim uzun illər idi arzum, diləyim vardı ki, uşağıma Ali
Baş Komandanımızın adını qoyum.
Mən istəyirəm, övladım onun kimi dövlətinə, millətinə, torpağına
bağlı olsun və həmin addımlarla irəliləsin. Övladımın adını İlham
qoyuram”, – o qeyd edib.
Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə
bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti
stabildir:
“Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz
açıb. Körpəmiz 3 kq çəkidə, 49 sm uzunluqda doğulub. Hazırda ananın
və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir.
Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik”.
Qeyd edək ki, işğaldan azad edildikdən sonra Xankəndi
şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət
Namazlının ilk körpəsi dünyaya gəlib. Doğulan körpənin cinsi kişi,
çəkisi 3 000,0 qr., boyu 49 sm. olub. Doğuş həkim-mama-ginekoloq
Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva,
assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi
davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri
aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.





























