Advertisement

Ombudsman “Qarabağın dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı kitab üçün müsahibə verib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva “Media Prima Advertising” şirkətinin
rəhbəri Qrem Vilsona müsahibə verib.

Trend xəbər verir
ki, Britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan “Qarabağın
dirçəlişi: faciədən zəfərə (Azərbaycan intibahının hekayəsi)” adlı
kitab üçün müsahibə zamanı Ombudsman Q.Vilsonun sualları əsasında
Ermənistan tərəfindən ölkəmizə qarşı törədilmiş müharibə
cinayətlərinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində fəaliyyəti, eləcə də postmünaqişə
dövründə reinteqrasiya prosesi barədə məlumat verib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən
danışan Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın
vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də
məlumat əldə olunmadığını bildirib.

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə
Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı
bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə
faktaraşdırıcı missiyaların həyata keçirildiyini qeyd edib,
hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq yerli və
beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli
insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə
çatdırıb.

S.Əliyeva regionda dinc birgəyaşayışın təmin olunması ilə bağlı
tədbirlərin əhəmiyyətindən danışıb, ölkəmiz tərəfindən erməni
əsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası
istiqamətində addımların atıldığını qeyd edib. O, Qarabağda yaşayan
erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və
müdafiəsinin daim diqqət mərkəzində olduğunu, Ombudsmana müraciət
etmək üsulları ilə bağlı açıqlamaların verildiyini, eyni zamanda,
Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşdüyünü, onların
hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlandığını
bildirib.

Müvəkkil, həmçinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq
mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə
sahəsində həyata keçirdiyi fəaliyyəti barədə də məlumat verib,
həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda
tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.