
Bakı. Trend:
İdarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər
və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat
vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya
İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və
Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası
şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin
bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə
arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması
haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin
adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya
İnstitutunun yeni strukturu təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında
qərar qəbul edilib.
Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın
Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX
əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi
və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin
beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul
olunub.
İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya
şöbəsinin bazasında daxili imkanlar hesabına yeni şöbələrinin
yaradılması haqqında məsələ də müzakirə edilib. AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili
imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və
Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri
doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri
doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya
İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə
təsdiqləniblər.





























