Advertisement

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər
təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin
seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat
başlayıb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.

Bildirilib ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i
saat 23:59-da başa çatacaq.

Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü
və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul
müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən,
lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə
yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.
Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən,
lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə
bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan
bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.

Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü
illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin
test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə
qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni
uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq
seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç
məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.

Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və
ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant
yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə
müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.