Advertisement

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndirəcək (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Milli Məclisin Elm və təhsil komitəsinin
videokonfrans formatında növbəti iclası keçirilib.

Trend bu barədə Milli Məclisə
istinadən xəbər verir.

İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə
üçüncü oxunuşda olan iki qanun layihəsi – “Təhsil haqqında” Qanunda
dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və
şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş
vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar
haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun
layihələri daxil edilib.

Qanun layihələri barədə məlumat verən komitə sədri qeyd edib ki,
hər iki sənədə təklif olunan dəyişikliklər mahiyyətcə eynidir. O,
bildirib ki, dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin
aztəminatlı təbəqələrdən olan və sosial müdafiəyə xüsusi ehtiyacı
olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək siyasətinə uyğun
olaraq bu kateqoriyadan olan insanların əhatə dairəsini
genişləndirəcək.

Komitə sədri deyib ki, müzakirəyə təqdim olunan “Təhsil
haqqında” qanuna təklif edilən dəyişikliklərdə təhsil
müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil
haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan
sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin tam dairəsi müəyyən
edilib.

İkinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacı
olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların
təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər
müvafiq qanunlarda da təsbit olunması təklif olunub.

Bəxtiyar Əliyev sənədlərin əvvəlki oxunuşu barədə məlumat verib
və layihələrdə heç bir dəyişikliyin aparılmadığını bildirib.

Məsələlərin müzakirəsində Elm və təhsil komitəsinin üzvləri
Eldar Quliyev, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, İsa Həbibbəyli və
Fatma Yıldırım çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərini
bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşda
baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda deputatlar Ülviyyə Ağayeva, Tamam Cəfərova,
Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Müşfiq Məmmədli,
Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər iştirak ediblər.