Advertisement

YAP Xətai rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrə ərazi partiya təşkilatında
görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycanın son üç ildən artıq dövrdə yaşadığı Zəfər sevincindən,
yeni reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, ölkəmizin sülh
gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi
möhkəmlənən mövqeyindən geniş bəhs edib. Bildirib ki, 2003-cü ildən
Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham
Əliyev təkmil islahatları, yeniliyi özündə əks etdirən siyasəti ilə
Ulu Öndərin görmək istədiyi Azərbaycanı qurdu. O Azərbaycan ki bu
gün zəfərləri ilə dünyanın diqqətindədir. Ümummilli Liderin ən
böyük arzusu, Şuşanı, bütövlükdə Qarabağı və Şərqi Zəngəzuru azad
görmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi
kimi, biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya
azərbaycanlılarının arzusunu çin etdik.

Vüqar Rəhimzadə qeyd edib ki, üç il bundan öncə Azərbaycanın
tarixi Zəfərə imza atması, ötən il ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4
kəndinin geri qaytarılması barədə razılaşmanın əldə edilməsi və
sair kimi qürur doğuran zəfərlərimiz dövlətimizin uğurlu,
düşünülmüş siyasətinin nəticəsidir. Tarixi ədalətə söykənən siyasət
uğurların davamlılığında əsas amildir.

YAP Xətai rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasi
həyatında aparıcı rol oynayan YAP-ın dünənin, bu günün və gələcəyin
partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillərə də diqqəti
yönəldib. Bildirib ki, YAP yarandığı gündən tutduğu yola sadiqliyi,
sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanıb. Bu gün
partiya ölkəmizdə gedən bütün proseslərin mərkəzindədir. YAP nəinki
ölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır,
ənənələri olan partiyadır. YAP sıralarını günbəgün kəmiyyət və
keyfiyyət baxımından daha da genişləndirir. 1992-ci ildə 550
nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın
sıralarında bu gün 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev
ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın
nümayişidir. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar
prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab
İlham Əliyevin qələbəsi həm Azərbaycanın, həm də partiyanın ötən
dövr ərzində qazandıqları uğurların təqdimatı oldu.

Tədbirdə digər çıxış edənlər Yeni Azərbaycan Partiyasına xidmət
etməyin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bildiriblər ki,
Ümummilli Liderin adı ilə bağlı olan partiyada təmsil olunmaq böyük
şərəfdir. Bu gün YAP Ulu Öndər Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən, artıq yeni dövrə qədəm qoyan Azərbaycanı
zirvələrə ucaldan Prezident İlham Əliyevin və Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri
nəticəsində uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla
addımlayır.

Sonda YAP Xətai rayon təşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrə
ərazi partiya təşkilatının sədri Xəzri Əmiraslanov 50 illik
yubileyi münasibətilə təbrik edilib və rayon təşkilatının Fəxri
fərmanı ilə təltif olunub.

YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük
vəsiqələri təqdim edilib.