
Bakı. Trend:
Baş prokuror Kamran Əliyev İordaniya Haşimilər Krallığının Baş
prokuroru Yusuf Tiabat ilə videokonfrans formatında ikitərəfli
görüş keçirib.
Görüş zamanı Baş prokuror dövlətlərimiz arasında dostluq və
əməkdaşlıq münasibətlərinin dövlət başçıları cənab İlham Əliyev və
Kral II Abdullah ibn Al Hüseynin birgə səyləri nəticəsində siyasi,
iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əlaqələrin
hazırki yüksək inkişaf dinamikasına çatdığını vurğulayıb.
Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri
olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə
keçiriləcəyi barədə həmkarına məlumat verib.
Yusuf Tiabat ölkələrimiz arasında mövcud əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə edərək, cari ilin 29 sentyabr – 2
oktyabr tarixlərində ölkəmizdə keçirələcək Beynəlxalq Prokurorlar
Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına dəvət
edildiyi üçün təşəkkürünü ifadə edib. Ölkəmizin hüquq mühafizə
orqanlarının, xüsusilə də Baş Prokurorluğun müsbət təcrübəsinin
öyrənilməsi üçün qurumlararası işbirliyinin vacibliyi qeyd
edilib.
Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə
Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.





























