Advertisement

Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir

Bakı. Trend:

Qanuna dəyişiklik qəbul olunacağı halda “Dekstrometorfan”
maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar
tərəfindən ölkəyə gətirilməsindəki qadağa aradan qaldırılacaq.

Bunu Trend-ə Milli
Məclisin deputatı Vüqar İskəndərov “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət
edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit
nəql edilməsinə və istehsalına lisenziya tələb olunan
prekursorların siyahıları”na dəyişikliyi şərh edərkən deyib.

O qeyd edib ki, layihədə “Dekstrometorfan” maddəsinin Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop
maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin
siyahısına “başqa mürəkkəb tərkibli dərman preparatlarının
tərkibində nəzarətdə saxlanılmır” qeydi ilə daxil edilməsi təklif
edilir.

“Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə
“Dekstrometorfan” maddəsi olan mürəkkəb tərkibli dərman
preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki
qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman
preparatlarına əlçatanlığını təmin edəcək”, – deyə deputat
bildirib.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin aprelin 23-də keçirilən
plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul
edilib.